Boşanma zamanı və yaxud boşanmadan sonra yaranmış əmlak mübahisələrinin həllini necə tənzimlənir? – Mülki və Ailə Məcəllələrində qeyd olunur ki, ərlə arvadın nikah dövründə qazandıqları əmlak onların ümumi mülkiyyətidir.
Burada istisna hal ondan ibarətdir ki, tərəflər arasında bağlanmış nigah müqaviləsində və ya onların arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmasın. Nigaha girməzdən əvvəl tərəflərin hər birinə məxsus olmuş əmlak, habelə onlardan birinin nigah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun öz mülkiyyətidir. Ərə (arvada) vərəsəlik qaydasında verilmiş mənzil və ya arvada (ərə) toy hədiyyəsi kimi verilmiş müxtəlif zinət əşyası onların öz mülkiyyətidir və birgə mülkiyyət sayıla bilməz.
Həmçinin fərdi istifadə olunan əşyalar – geyim, ayaqqabı və s. əşyalar ümumi vəsait hesabına əldə edilsə də belə, həmin əşyadan istifadə edən şəxsin öz mülkiyyəti hesab edilir.
Ailə Məcəlləsində boşanma zamanı ərlə arvadın birgə nigah dövründə əldə etdikləri əmlakın bölünməsi məhkəmə tərəfindən həll edilməli olan məsələdir. Ər-arvad birgə nigah dövründə əldə etdikləri ümumi əmlakı öz aralarında bağlanmış notariat qaydasında təsdiq edilmiş sazişə əsasən bölünə bilər.
Mübahisə yarandığı təqdirdə tərəflər ümumi əmlakın bölünməsini və yə həmin əmlakda payının müəyyən olunmasını məhkəmə qaydasında tələb edə bilərlər. Arvadın ərlə birlikdə nigah zamanı yaşadıqları mənzildə boşanmadan sonra yaşayış və istifadə hüququnun mövcud olması barədə mübahisə həll edilərkən ilk öncə mənzilin hüquqi vəziyyəti qimətləndirilməlidir.Yaşayış sahəsindən istifadə hüququna gəlincə isə, yaşayış sahəsindən istifadə hüququ olan mənzil mülkiyyətçisinin hər bir ailə üzvü, hətta boşanmadan sonra mənzildən sərbəst surətdə istifadə edə bilər.